Ayətullah Şəriətmədari hərəkatı
From Wikipedia, the free encyclopedia
Ayətullah Şəriətmədari hərəkatı (az-əbcəd. آیتوللاه شریتمداری حرکاتی; fars. قیام آیت الله شریعتمداری) — böyük ayətullah Məhəmməd Kazım Şəriətmədari və onun tərəfdarlarının İranın Azərbaycan vilayətlərinin muxtariyyəti uğrunda hərəkatı. Müsəlman Xalq Respublikası Partiyasının (MXRP) İran İslam İnqilabından sonra yeni qurulan hökumətə etirazları, nəhayət, ikisi arasında kütləvi qarşıdurmaya səbəb olmuşdur. Bu qarşıdurma xüsusilə Azərbaycanın mərkəzi sayılan Təbriz şəhərində özünü büruzə vermişdir.
Ayətullah Şəriətmədari hərəkatı | |||
---|---|---|---|
| |||
Tarix | dekabr 1979 – aprel 1982 | ||
Yeri |
İran Azərbaycanı Qum, Tehran |
||
Səbəbi |
|
||
Nəticəsi |
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Liberal fikirləri ilə tanınan və ruhanilərin hakimiyyətdə roluna qarşı çıxan Şəriətmədari və MXRP 1979-cu ildə yeni konstitusiya ilə bağlı referendumu boykot etmiş, yeni rejimə qarşı aksiyalar keçirilmişdir. Şəriətmədarinin evinə hücumdan və onun mühafizəçilərindən birinin ölümündən sonra bu nümayişlər şiddətlənmiş, qiyam xarakteri almışdır. Vilayətlərin yerli özünüidarəetməsini dəstəkləyən İran azərbaycanlıları və kürdləri Təbrizdə, Urmiyada, Ərdəbildə və Germidə çox sayda hökumət binası etirazçılar tərəfindən ələ keçirilmişdir.
Qiyamı yatırmaqda çətinlik çəkən Ruhullah Xomeyni Şəriətmədari ilə görüşmüş, burada Təbrizin bombalanması ilə bağlı təhdidlər etmişdir. Azərbaycanda gerilla müharibəsinin imkanlarının az olmasından və kürdlərin mart üsyanında baş vermiş qətliamların təkrarlanmasından narahat qalmış Şəriətmədari etirazçıları çəkilməyə çağırmışdır. Buna baxmayaraq, hökumət qüvvələrinin bağlanmış sövdələşməyə əməl etməməsi səbəbindən vəziyyət yenidən gərginləşmişdir.
Çox keçməmiş, "SEPAH" qüvvələri nəzarəti bərpa etmiş və MXRP fəallarının, həmçinin onlarla əməkdaşlıqda ittiham edilən hərbçilər repressiyaya məruz qalmışdır. MXRP 1980-ci ildə fəaliyyətini dayandırmalı olmuş, Şəriətmədari özü isə 1982-ci ildə Xomeyniyə qarşı sui-qəsd cəhdində iştirak etmək ilə günahkar bilinmişdir və bundan onun nüfuzunun azaldılması üçün istifadə edilmişdir. Şəriətmədarinin ev dustaqlığında saxlanılması və tibbi ləvazimatlardan məhrum buraxılması etirazlara səbəb olmuşdu, lakin Şəriətmədari ardıcıllarını mübarizəni dayandırmağa çağırmışdır. Ayətullah Şəriətmədari 1986-cı ildə vəfat etmişdir.