Axısqa türklərinin deportasiyası
From Wikipedia, the free encyclopedia
Axısqa türklərinin deportasiyası (türk. Ahıska Türklerinin sürgün edilmesi) və ya Mesxeti türklərinin deportasiyası (rus. Депортация турок-месхетинцев) — Gürcüstan SSR-in (indiki Gürcüstan Respublikası) Mesxetiya regionunda yaşayan bütün Axısqa türklərinin 14 noyabr 1944-cü il tarixində sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya (Qazaxıstan, Qırğızıstan və Özbəkistana) məcburi şəkildə köçürülməsi. Deportasiya zamanı 212 kənddə yaşayan 92.307–94.955 arası Axısqa türkü öz evlərindən məcburi şəkildə çıxarılmışdır. Onlar mal-qara üçün nəzərdə tutulmuş vaqonlara yerləşdirilmiş və əsasən Özbəkistan SSR-ə göndərilmişdir. Bu əməliyyat çərçivəsində digər etnik qrupların üzvləri də deportasiya edilmişdir. Kürdlər və həmşinlər (müsəlman ermənilər) də daxil olmaqla, əməliyyat zamanı 115.000 nəfərə yaxın şəxs deportasiya edilmişdir. Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilmiş, orada məcburi əməyə tabe olunmuşdular. Deportasiya və sürgünün ağır şərtləri 12.000–50.000 insanın ölümünə səbəb olmuşdur.
Axısqa türklərinin deportasiyası | |
---|---|
Əsas münaqişə: SSRİ-də məcburi köçürülmələr, SSRİ-də siyasi repressiya və İkinci Dünya müharibəsi | |
| |
Ümumi məlumatlar | |
Yeri | Mesxetiya, Gürcüstan SSR, SSRİ |
Hücumun hədəfi | Axısqa/Mesxeti türkləri |
Tarix |
|
Hücum metodu | məcburi köçürmə, deportasiya |
Ölü sayı |
müxtəlif təxminlər:
|
Törədən(lər) |
|
Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmriylə SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) Komissarı Lavrenti Beriya və daha 4.000 NKVD personalı tərəfindən icra olunmuşdur. Əməliyyatı yerinə yetirmək üçün 34.000.000 (otuz dört milyon) rubl ayrılmışdı. Bu, 1930-cu illərdən 1950-ci illərə qədər sovet etnik azlıqlarının bir neçə milyon üzvünə təsir göstərmiş SSRİ hökumətinin məcburi yerləşdirmə proqramının və əhali köçürmələrinin bir parçası idi. Deportasiya prosesi tamamlandıqdan sonra SSRİ hökuməti əsasən xristian ermənilərdən təşkil olunmuş 32.000 nəfəri Mesxetiya ərazisinə yerləşdirmişdir.
İosif Stalinin ölümündən sonra SSRİ Nazirlər Sovetinin yeni sədri seçilən Nikita Xruşşov 1956-cı ildə gizli nitq səsləndirmiş, bu nitqdə Stalinin müxtəlif etnik qrupların deportasiya edilmələri haqqında verdiyi qərarları tənqid etmiş, onların çoxunu geri çevirmişdir. Baxmayaraq ki, xüsusi yaşayış məntəqələrindən sərbəst buraxılıblar, Axısqa türkləri, eləcə də Krım tatarları və Volqa almanları yenə də sürgündə qalırlar. Onların sürgün edilməsinin gizli saxlanılması və Sovet İttifaqının daxili siyasətinə görə Axısqa türklərinin deportasiyası olduqca naməlum qalmışdır və elmi araşdırmaların mövzusu olmamışdır. Bu, 1989-cu ildə Özbəkistan SSR-də gerçəkləşən Fərqanə hadisələrindən sonra dəyişmişdir. Müstəqilliyini yenicə qazanmış Gürcüstan Respublikası 1991-ci ildə Axısqa türklərinə Mesxetiyaya geri qayıtmağa icazə verməmişdir. 2006-cı ildə əldə edilmiş statistik məlumatlara əsasən, 260.000–335.000 nəfərdən ibarət Axısqa türklərinin əksəriyyəti yeddi Postsovet ölkəsində yaşayır.