Ankara (toponim)
From Wikipedia, the free encyclopedia
Ankara — Türkiyə Cümhuriyyətinin paytaxtı, İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhərinın adı. Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα (Qədim yunan dilində Anqira və Ankira olaraq tələffüz edilir) olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Ankara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Ankara" olmuşdur. Şəhərin adı Osmanlı İmperiyası dövründə, XVI əsrdən etibarən rəsmi olaraq Ankara (آنقره) olmasına baxmayaraq, xalq arasında "Əngürü", qərb ölkələrində isə "Anqora" adlarından istifadə edilirdi. Türkiyə Respublikasının öz müstəqilliyini əldə etməsindən sonra digər adların istifadəsi sona çatmış, Ankara adı isə universallaşdırmışdır.