Amerikansayağı gözəllik (film, 1999)
From Wikipedia, the free encyclopedia
"Amerikansayağı gözəllik" (ing. American Beauty) — 1999-cu ildə Sem Mendesin rejissorluğu, Alan Bolun ssenari müəllifliyi ilə drama janrında çəkilmiş ABŞ filmidir. Filmdə Kevin Speysi orta yaş böhranı yaşayan və yeniyetmə qızı Angela Heyesin (Mena Suvari) ən yaxşı rəfiqəsinə vurulan ofis işçisi Lester Bernham obrazını canlandırır. Anetta Beninq Lesterin materialist arvadı Karolin, Tora Birç isə onların etibarsız qızı Ceyn obrazını canlandırmışlar. Filmdə həmçinin Uez Bentli, Kris Kuper və Ellison Cenni də rol almışdır. Film ziyalılar tərəfindən Amerikan orta təbəqəsinin gözəllik və şəxsi məmnunluq hissinə satirik yanaşma kimi dəyərləndirilmişdir; filmdə romantik və valideyn sevgisi, seksuallıq, gözəllik, materializm, özünüifadə və ehtiras məsələlərinin təsviri tədqiq edilmişdir.
Amerikansayağı gözəllik | |
---|---|
American Beauty | |
Janr | Psixoloji dram |
Əsas mövzu | Bakirəlik, disfunksional ailə[d][1], sosial rol[1], ABŞ mədəniyyəti[1] |
Rejissor | Sem Mendes |
Ssenari müəllifi | Alan Boll |
Baş rollarda |
Kevin Speysi Annett Beninq Tora Börç Ues Bentli Mina Suvari |
Operator | Konrad Holl |
Bəstəkar | Tomas Nyuman |
Montajçı | Tariq Ənvər[d] |
İstehsalçılar |
Jinks/Cohen Company Distribütor: DreamWorks |
Distribütor | UIP-Dunafilm[d] |
İlk baxış tarixi |
8 sentyabr, 1999 (Los-Anceles premyerası) 17 sentyabr, 1999 (ABŞ premyerası, limitli) |
Filmin növü | Bədii film |
Müddət | 121 dəq. |
Büdcə | $15 milyon |
Gəlir | $356,296,601[2] |
Ölkələr | ABŞ |
Dil | İngilis |
İl | 1999 |
Rəng | Rəngli |
Çəkiliş yeri | Lonq-Biç |
IMDb | ID169547 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
1992-ci il Emi Fişer məhkəməsindən ilhamlanan Bol 1990-cı illərin əvvəllərində “Amerikansayağı gözəllik” adlı tamaşa yazmağa başlamışdı. Hekayənin səhnədə yaxşı alınmayacağını anlayan müəllif tamaşa ideyasından əl çəkmişdi. Bir neçə il televiziya ssenaristi kimi çalışdıqdan sonra, 1997-ci ildə Boll özünü kino ssenaristi kimi sınamaq qərarına gəlir. Dəyişdirilmiş ssenaridə Balın yazdığı bir neçə komediyada olduğu kimi, hadisələrə sinik baxış əks olunmuşdur. Prodüserlər Den Cinks və Brüs Koen “Amerikansayağı gözəlliyi” “DreamWorks”ə təklif edirlər, studiya bir neçə kiçik rəqibini arada qoyaraq ssenarini $250,000 məbləğə alır. “DreamWorks” filmin maliyyələşdirilməsi üçün $15 milyon ayırır və Şimali Amerikadakı distribütorluq hüququnu özündə saxlayır. “Amerikansayağı gözəllik” teatr rejissoru Mendesin ilk film debütüdür; “Oliver!” və “Kabare” kimi myüziklları uğurla səhnələşdirmiş Mendesin bu filmi shnələşdirəcəyinə bir neçə rejissorun nəzərdən keçirilməsi və “A-siyahı” rejissorlarının bir neçəsinin filmdən imtina etməsindən sonra qərar verilmişdir.
Baxmayaraq ki, “DreamWorks” Mendesdən Lester rolu üçün daha məşhur aktyor seçməsini tələb etmişdi, rejissorun ilk seçimi məhz Speysi olmuşdu; oxşar şəkildə, studiya Karolin rolu üçün bir neçə aktrisa təklif etsə də, Mendes “DreamWorks”dən xəbərsiz Beninqlə razılaşmışdı. Filmin əsas çəkilişləri 1998-ci ilin dekabrından 1999-cu ilin fevralına kimi “Warner Bros.” pavilyonlarında, natura çəkilişləri isə Burbank, Kaliforniya və Los-Ancelesdə aparılmışdır. Mendesin dominant stili düşünülmüş və tərtib olunmuş idi; o, gərginlik yaratmaq üçün statik çəkim, yavaşlatma və yaxınlaşdırmadan istifadə etmişdir. Operator Konrad Holl təsvir edilən hadisələrlə kontrast yaratmaq üçün Mendesin stilini sülh sakit çəkimlərlə tamamlayır. Montaj zamanı Mendes bəzi dəyişikliklər edir ki, bu da filmin ssenaridən daha az sinik olması ilə nəticələnir.
Şimali Amerikada 15 sentyabr 1999-cu ildə təqdim edilən film tənqidçilər və izləyicilər tərəfindən müsbət qarşılanmışdır; ilin ən yaxşı rəy alan filmi olan “Amerikansayağı gözəllik” bütün dünyadan $350 milyondan çox gəlir əldə etmişdir. Rəylərdə filmin müxtəlif xüsusiyyətləri xüsusilə Mendes, Speysi və Bolun fəaliyyətinə diqqət yetirilmişdir; tənqid isə daha çox obrazlar və quruluşa yönəlmişdir. Oskar mükafatına aparan yolda filmin şanslarını artırmaq üçün “DreamWorks” geniş təbliğat işlərinə başlamışdır; növbəti il keçirilən LXXII Oskar mükafatlarının təqdim edilməsi mərasimində film İlin Ən Yaxı Filmi, Ən Yaxşı Rejissor işi, Ən Yaxşı Aktyor (Kevin Speysi üçün), Ən Yaxşı orijinal Ssenari və Ən Yaxşı Operator işi nominasiyalarında mükafata layiq görülmüşdür. Film, rejissor, ssenari və aktyor işinə görə bir çox başqa mükafatlara da namizəd göstərilmiş və uğur qazanmışdır.