Amerikanın kəşfi
From Wikipedia, the free encyclopedia
Amerikanın kəşfi — XV əsrin sonunda Amerika kəşf olunmaqla dünya xəritəsində öz əksini tapır. Bu mərhələ Amerikanın əslində kimlər tərəfindən aşkar olunmasının mübahisəli dövrüdür. Əslində həllini tapmamış bu məsələ hələ də qaranlıq qalmaqdadır. Amerikanın skandinaviyalılar, ispanlar, portuqallar, irlandlar, italyanlar, yaponlar tərəfindən aşkar olunması haqqında müxtəlif versiyalar vardır. Yaponlar Ekvador sahillərində qədim yapon keramikasının tapılmasına əsaslanaraq materikin kəşfinə iddialıdırlar. Əgər deyilənlər doğru olsa belə, bu kəşflər kiçik əraziləri əhatə etdiyindən və dəqiqləşdirilməmiş məlumatlar olduğundan coğrafiya tarixində materikin kəşf olunması X.Kolumbun adı ilə bağlanılır. Hər halda, Amerikanın 985-ci ildə normann dənizçisi Byarnı tərəfindən kəşf olunması haqqında dəqiqləşdirilmiş məlumatlar var. Byarnı 985-ci ildə Qrenlandiyaya üzərkən duman və qüvvətli küləklərin təsirindən götürdüyü istiqamətdən kənara çıxaraq, ilk dəfə Nyufaundlend sahillərinə çatır.
O, Amerikanın kəşfində hətta Leyf Eriksonu 18 il qabaqlamışdır. Bu gün Xristofor Kolumbun "Qərbi Hindistan" kimi Amerika qitəsini kəşf etməsi coğrafiya tarixində aşağıdakı kimi səciyyələndirilməkdədir. Qərbi Avropada XV əsrin ikinci yarısında feodalizm quruluşu dağılmaqda idi. Ticarətin inkişafı iri şəhərlərin meydana gəlməsi və yeni sənaye sahələrinin yaranması ilə nəticələnirdi. Artıq pul əmtəələrin mübadiləsində vasitə rolu oynayırdı. Qızıl pula olan təlabat, yeni bazar və sərvətlər əldə etmək meyli getdikcə güclənirdi. Bu meyl xüsusilə sonralar Ingiltərə tacının mirvarisi sayılan Hindistana yönəlmişdir. Gəmiçiliyin inkişafı bu ölkələrə dəniz yolunun qərb və şərq istiqamətdə kəşf olunmasını getdikcə yaxınlaşdırırdı. Şəhər burjuaziyası, kilsənin və kral marağının üst-üstə düşməsi bu məsələnin həllini daha da sürətləndirirdi. 1492-ci ildə vahid ispan dövlətinin yaranması, boş qalmış xəzinəni Hindistan və Çin hesabına doldurulmasına şərait yaratmışlar. Lakin Hindistana dəniz yolunun açılmasında Ispaniyaya rəqib olan Portuqaliya daim onu qabaqlamağa çalışan əsas rəqibə çevrilmişdir. Yeni sərvət və müstəmləkələr ələ keçirmək hərisliyi, portuqalları qabaqlamaq arzusu, din xadimlərinin müqavimətinə baxmayaraq, Xristofor Kolumba qərb istiqamətdə üzməkdə Hindistana dəniz yolunun kəşfi üçün ispan kralı tərəfindən icazə verildi (Müasir hind dilində Bhartavarşi bharatların ölkəsi deməkdir). Xristofor Kolumb (1451–1506) — 1451-ci ilin payızında Genuyada toxucu ailəsində anadan olmuş İtaliyan mənşəli məşhur dənizçi olmuşdur. Onun hər-hansı bir məktəbi bitirməsi barəsində dəqiq məlumat olmasa da, italyan, ispan, portuqal və latın dillərində oxuyub-yaza bilməsi şübhə doğurmur. 1474–1475-ci illərdə Egey dənizinə təşkil olunan ekspedisiyada iştirak etmiş Kolumb, 1476-cı ildə ticarət evinin darğası kimi Lissabona göndərilməklə 9 ay orada yaşayır.
XV əsrdə bir sıra alimlərin yerin kürə formasında olması fikrinə tərəfdar olan Kolumb qərb istiqamətdə üzməklə Çin və Hindistana getmək fikrinə düşür. Kolumb qeyd olunan ölkələrə getmək üçün qərb istiqamətini ən qısa yol hesab edirdi. Italyan astronom və coğrafiyaçısı Paolo Toskanellinin yeni tərtib etdiyi dünyanın xəritəsində də belə idi. Onun tərtib etdiyi xəritəyə görə qərb istiqamətdə Hindistana yol şərqə nisbətən iki dəfə qısadır. Lakin fransız mənşəli amerikalı "antikolumbçu" Vino Toskanelli ilə Kolumb arasındakı münasibətlərin olmasını Kolumbun qardaşının uydurması hesab edir. Vinoya görə bunu 30 aprel 1492-ci ildə kral Ferdinand və İzabellanın Kolumbla aralarında bağlanan müqavilə də təsdiq edir. Bu müqavilədə Hindistanın adı çəkilmir. 1476-cı ildə İtaliyadan Portuqaliyaya köçən Xristofor Kolumb Çin və Hindistana qərb istiqamətdə üzmə planını (layihəsini) II Ivana təklif edir. Kralın nəqliyyat təlimatlarının tərtibi üçün təşkil olunmuş elmi şuraya təqdim etdiyi layihə 1484-cü ildə rədd olunur. Rədd cavabı alan Kolumb elə həmin ildə kiçik qardaşı Bartolome Kolumbun köməyi ilə Ispaniyaya köçür və layihəni ispan kralına təqdim edir.
Layihənin təqdim olunmasında hersoq Medinaselinin mühüm rolu olmuşdur. Medinaseli hətta ekspedisiyanın xərclərini öz boynuna götürür. Lakin kraliça Izabellanın din və saray adamlarından ibarət komissiyaya müzakirəyə verdiyi layihə yenidən rədd edilir. Din xadimlərinin güclü müqavimətinə baxmayaraq Portuqaliyanın Ispaniyanı qabaqlayacağından qorxaraq Kral 17 aprel 1492-ci ildə layihənin təsdiq olunmasına yazılı surətdə razılıq verir. Xristofor Kolumb ekspedisiyanı uğurla başa çatdırmaq üçün aşağıdakı şəkildə tələblər qarşıya qoyur: əgər o, Asiya qitəsində yeni torpaqlar kəşf edərsə həmin torpaqlar üzrə Vitse-Kral (İspan kralının müavini) təyin olunmalı, ticarətdən əldə olunmuş gəlirin 25%-i onun hesabına keçirilməli, admiral rütbəsi verilməli, verilmiş ad və rütbə irsi olaraq uşaqlarına keçməlidir. Gəlir iki dəfə azaldılmaq şərti ilə 30 aprel 1492-ci il tarixində Kolumbun vərəsəlik hüququ təsdiq edildi.