Ailə hüququ
From Wikipedia, the free encyclopedia
Ailə hüququ — hüquq elminin bir qolu. Hər bir hüquq sahəsi kimi ailə hüququ özünün predmeti və hüquqi tənzimetmə metodu ilə səciyyələnir. Hüquq elmində hüquqi tənzimetmə dedikdə, hüquq normalarının (yuridik normaların) köməyi ilə dövlətin ictimai münasibətlərə təsiri prosesi başa düşülür. Hüquqi tənzimetmənin predmetini hüquq normalarının müvafiq qrupu ilə təsbit edilən ictimai münasibətlərin müəyyən formasını təşkil edir. Hüquqi tənzimetmə metodu dedikdə, hüquq normalarının ictimai münasibətlərə təsir göstərməsi üsulu nəzərdə tutulur. Hüquqi tənzimetmə metodu imperativ və dispozitiv tənzimetmə metodlarına bölünür. İmperativ metod hüquq normaları ilə tənzim edilən ictimai münasibətlərin iştirakçısına hakimiyyətin təsir üsuludur. Dospozitiv metod isə bərabərhüquqlu tərəflər olan ictimai münasibətlər iştirakçıları arasında münasibətləri tənzimetmə üsuludur.
Hüquq sahəsi olaraq ailə hüquq ictimai münasibətlərin müəyyən növünü – ailə münasibətlərini, yəni nikah faktından meydana gələn və ailəyə mənsub olan münasibətləri tənzim edir. Bununla əlaqədar, ailə hüquqi-tənzimetmə predmeti, birincisi, öz məcmusunda həmin predmeti təşkil edən ictimai münasibətlərin ən mühüm xüsusiyyətləri və mahiyyətini açıqlamalı və ikincisi, göstərilmiş münasibətlərin iştirakçılarının ümumi xarakteristikasını özünə daxil etməlidir.