ABŞ milli parklarının siyahısı
Siyahı / From Wikipedia, the free encyclopedia
ABŞ milli parkları — ABŞ-də yerləşən 59 milli parka verilən ümumi ad.
ABŞ Daxili işlər nazirliyinin tabeliyindəki Milli Park Xidməti tərəfindən idarə olunan və milli park adlandırılan xüsusi statuslu 59 qoruq ərazisi mövcuddur (2013). ABŞ-dəki milli parklar ABŞ Konqresinin qərarları ilə yaradılır. İlk ABŞ milli parkı 1872-ci ildə qəbul edilən qanunla və ABŞ prezidenti Uliss Qrantın təsdiqi ilə yaradılan Yellouston Milli Parkıdır. Bundan sonra 1875-ci ildə Mekkinak Milli Parkı yaradılmış, lakin 1895-ci ildə statusunu itirmişdir. Üçüncü və dördüncü milli parklar 1890-cı ildə qurulan Yosemit milli parkı və Sekvoya milli parkıdır. 1916-cı ildə ABŞ Konqresində qəbul olunan "Milli parklar" qanunu ilə federal dövlət adından milli parkları idarə etmək üçün ABŞ Daxili işlər nazirliyinin tabeliyində Milli Park Xidməti quruldu. Qanunda hədəf belə açıqlanmışdır:[1]
"Milli parklardakı təbii mənzərələr və təbii dekorasiya ilə tarixi və təbii ünsürlərin qorunması. Parkların idarəetməsinin hazırda insanların həzz alması üçün təşkili. Müasir dövrümüzdə bu idarəetmə elə bir üsulda və elə bir şəkildə olmalıdır ki, gələcək nəsillər eyni şəkildə milli parkdan həzz alsınlar."
Müasir dövrümüzdə milli park adı ilə qorunan parkların çoxu ABŞ Konqresinin qanunu ilə qurulmuşdan qabaq xüsusi qanunla ABŞ prezidentinin təsdiqi ilə Milli Abidə statusu alaraq federal hökumətin qorunmasına alınmışdılar. Ən son milli park statusu almış park Pinnakles Milli Parkıdır.
6-sı Alyaskada olmaqla 7 milli park həmçinin Milli Qoruma Bölgəsi statusunu da almışdır. Teorik və hüquqi baxımdan hər iki status da fərqlidir.
Hər hansı bir ərazi milli park statusu alması üçün vacib şərtlərə cavab verməlidir. Bu kriteriyalara təbii gözəllik, geoloji quruluşlar, inanılmaz ekosistemlər və ziyarətçilərə turizm imkanı daxildir. Amma bu kriteriyaların hamısı bütün milli parklar üçün əhəmiyyətli deyil, hətta bəzi milli parklar bu kriteriyaların bir neçəsinə cavab vermir.
ABŞ-nin 50 ştatının ancaq 27-si milli parka sahibdir və iki milli park da (Amerikan Samoası Milli Parkı və Amerikan Virgin Adaları Milli Parkı) ştatlarda deyil, ABŞ-yə bağlı ərazilərdə yerləşir. Ən çox milli parka sahib ştat 9 milli parkla Kaliforniyadır. İkinci yerdə 8 milli parkla Alyaska ştatı, üçüncü yerdə 5 milli parkla Yuta ştatı və dördüncü yerdə 4 milli parkla Kolorado ştatıdır.
Ən böyük milli park Alyaskada yerləşən və sahəsi 44.313 km² olan Vranqell-Sent-Elias Milli Parkıdır. Bu milli park ABŞ-nin ən kiçik 9 milli parkının ümumi sahəsindən də böyükdür. Böyüklük sırasında növbəti 3 yerdə də yenə Alyaskada yerləşən milli parklar gəlməkdədir (Artika Darvazaları Milli Parkı (29.405 km²) , Denali Milli Parkı (19.121 km²) və Katmai Milli Parkı 14.616 km²). Ən kiçik milli park isə 20 km² sahə ilə Hot Sprinqs Milli Parkıdır. Bütün milli parkların sahəsi isə 210.000 km²-dir. Orta hesabla hər milli parkın sahəsi 3.620 km²-dir
Ən çox ziyarətçi cəlb edən milli park Şimali Karolina və Tennesi ştatlarında yerləşən Böyük Tüstü Dağları Milli Parkıdır. Bu milli parkı 2011-ci ildə 9.008.830 nəfər ziyarət etmişdir. Ziyarətçi baxımından ikinci yerdə Arizona ştatındakı Böyük Kanyon Milli Parkıdır və bu parka 2011-ci ildə gələn ziyarətçi sayı 4.298.178 nəfər olmuşdur. Ən az ziyarətçiyə ev sahibliyi edən milli park Alyaskadakı Klark Gölü Milli Parkıdır. Bu milli parkı 2011-ci ildə cəmi 5.158 nəfər ziyarət etmişdir.
59 ABŞ milli parkından 14-ü YUNESKO-nun Dünya irsi siyahısındadır.[2]