AŞPA-nın 2085 saylı qətnaməsi
From Wikipedia, the free encyclopedia
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2085 saylı qətnaməsi — Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin sudan qəsdən məhrum edilməsi ilə bağlı AŞPA tərəfindən 26 yanvar 2016-cı ildə qəbul edilmiş qətnamə.[1] Sənəddə Beynəlxalq çayların suyundan istifadə haqqında 1966-cı il Helsinki(en) və 2004-cü il Berlin Qaydalarına(en) istinad edilməklə, sudan istifadə hüququnun əhəmiyyəti və dövlətlərin bu hüququ təmin etmək öhdəliyi vurğulanır. Qətnamədə, həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 20 may 2014-cü il tarixli bəyanatına da xatırlatma edilir.
Avropa Şurası Parlament Assambleyasının 2085 saylı qətnaməsi | |
---|---|
ing. Council of Europe Parliamentary Assembly (PACE) Resolution 2085 (2016) | |
İmzalanma tarixi | 26 yanvar 2016 |
Orijinal dil | ingilis dili |
İmzalayanlar |
Lehinə – 98 Əleyhinə – 71 Bitərəf – 40 |
Məqsədi | Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin sudan qəsdən məhrum edilməsinə münasibət |
AŞPA-nın 2085 saylı qətnaməsində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisində yerləşən Sərsəng su anbarının cari vəziyyətinin yeni humanitar böhran yarada bilməsi ehtimalı qeyd olunmuş və Ermənistan hakimiyyətindən su ehtiyatlarından "siyasi təsir aləti və ya təzyiq vasitəsi kimi istifadəni dayandırması" tələb edilmişdir. Bununla yanaşı, sənəddə sözügedən məsələ ilə bağlı hesabatın hazırlanması zamanı Ermənistan parlamentinin nümayəndə heyətinin və digər səlahiyyətli şəxslərin əməkdaşlıq etməməsi Assambleya tərəfindən qətiyyətlə pislənilmişdir.[1]