Açehdə müsəlman cinayət hüququ
From Wikipedia, the free encyclopedia
Müsəlman cinayət hüququnun müddəalarının tətbiq olunduğu yeganə İndoneziya əyaləti Açehdir. Açehdə müsəlman cinayət hüququ qısaca cinayət adlanır. Müvafiq qanunvericilik isə "İslam cinayət məcəlləsi" mənasını verən Qanun Cinayət və ya Hüküm Cinayət kimi adlandırılır.[1] İndoneziyanın əsas dünyəvi qanunlarının Açehdə tətbiq olunmasına baxmayaraq, İndoneziya əyalətlərə regional tənzimləmələr (perda) tətbiq etmək səlahiyyəti və İslam qanunvericiliyini həyata keçirmək üçün Açehə xüsusi muxtariyyət verdikdən sonra, Açeh əyalət hökuməti İslam cinayət hüququndan irəli gələn bəzi əlavə qaydalar qəbul etdi. Qanunvericiliklə qadağan edilmiş cinayətlərə alkoqollu içkilərin istehlakı, istehsalı və dövriyyəsi, qumar, zina, zorlama, nikahdankənar yaxınlıq və müəyyən homoseksual hərəkətlər daxildir. Cəzalar qırmanclama, cərimə və azadlıqdan məhrumetmədən ibarətdir. Daşlama ilə bağlı müddəa nəzərdə tutulmamışdır: 2009-cu ildə həmin cəzanın qanunvericiliyə daxil edilməsi ilə bağlı təklifə qubernator İrvandi Yusuf tərəfindən veto verilmişdir. 2016-cı ildə Açehdə müsəlman cinayət hüququnun tətbiq olunduğu 324 birinci instansiya məkəmə işinə baxılmış və ən az 100 iş üzrə qırmanclama cəzası verilmişdir.
Müsəlman cinayət hüququnun tərəfdarları müvafiq hüququn tətbiq olunmasının qanuniliyini Açehə verilmiş xüsusi muxtariyyətlə izah edir və Açeh əhalisinin din azadlığı hüququ ilə əhatə olunduğunu bildirirlər. Amnesty International da daxil olmaqla bir çox tənqidçilər qırmanclamanın cəza kimi tətbiqinə, eləcə də nikahdankənar yaxınlığın kriminallaşdırılmasına etiraz edirlər.