2009-cu il iyul Urumçi iğtişaşları və ya Urumçi qarşıdurması — Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda başlayan və qarşıdurmalarla, iğtişaşlarla müşayiət olunaraq bir müddət davam edən hadisələr zənciri. İğtişaşlara səbəb Quanqdonqda yayılmış əsassız şayiələrdən sonra etnik hanlar tərəfindən iki uyğurun öldürülməsi və qatillərin həbs edilməməsi oldu. İğtişaşlar təxminən 1000 nəfər uyğurun etirazları ilə başladı.[12] Lakin hadisələr tədricən başqa məcraya doğru inkişaf etdi və hanları hədəfləyən hücumlar həyata keçirildi. Çin Xalqının Silahlı Polisi hazır vəziyyətə gətirildi və 2 gün sonra yüzlərlə han həm polislərlə, həm də uyğurlarla döyüşməyə başladı. Çin Xalq Respublikası rəsmilərinin açıqladığı rəqəmə görə əksəriyyəti hanlardan olmaqla, ümumilik 197 nəfər həyatını itirmiş, 1721 nəfər yaralanmış, xeyli sayda maşın və bina dağıdılmışdı.[13][14] İğtişaş günlərindəki polis axtarışları zamanı yoxlanılan bir çox uyğur yoxa çıxdı. Human Rights Watch-un bildirdiyi məlumata görə, belə halların sayı 43 nəfərdir.[15] Real rəqəmlərin isə daha yüksək olması ehtimal edilir.[16]
Cəld faktlar 2009-cu il Urumçi iğtişaşları, Tarix ...
Bağla
Etirazlar Çinin cənubunda yerləşən Şaoquanda baş vermiş hadisəyə etiraz üçün başlanmışdı.[17] Həmin hadisə zamanı iki uyğur qətlə yetirilmişdi. Polis isə məsələ barədə araşdırma başlatmışdı. Hər halda, müşahidəçilər etirazların iğtişaşlara çevrilməsinin səbəbi məsələsində qəti fikrə sahib deyillər. Mərkəzi Çin hakimiyyəti iddia edir ki, iğtişaşlar xaricdən, daha dəqiq desək Dünya Uyğur Konqresi və onun rəhbəri Rəbiyyə Qədir tərəfindən təşkil edilmişdir.[18] Rəbiyyə Qədir iddiaları rədd edərək bildirmişdir ki, o, Çin uyğurlarının öz müqəddaratını təyin etmə yolunda şiddətə müraciəti qəbul etmir.[19]
Çin mətbuatı hadisələri geniş şəkildə işıqlandırmış və 2008-ci ildə baş vermiş Tibet hadisələri ilə müqayisə etmişdi. İğtişaşlar başlayan zaman Sintszyanda telefon və internet əlaqəsi kəsildi. Qarşıdakı bir neçə həftə ərzində isə mindən çox uyğur həbs edildi. Uyğur məscidləri müvəqqəti olaraq bağlanıldı. Kommunikasiyanın məhdudlaşdırılması və güclü polis nəzarəti 2010-cu ilin yanvar ayına qədər davam etdi.[20] 2009-cu ilin noyabrından etibarən 400 nəfər iğtişaşlar zamanı törətdikləri əməllərə görə həbs edildi. Həmçinin, eyni vaxtda 9 nəfərə ölüm hökmü oxundu və 2010-cu ilin fevralında daha 26 nəfərə də ölüm hökmü oxundu.