Ərbilə raket hücumu (2021)
İraqın Kürdüstan bölgəsindəki Ərbil şəhərinə raket hücumları / From Wikipedia, the free encyclopedia
Ərbilə raket hücumu — 15 fevral 2021-ci il tarixində İraqın Kürdüstan Regionunun paytaxtı olan Ərbil şəhərinə çox sayda raketin atılması. Yerli vaxtla 21:30 radələrində şəhərin cənubundakı bir ərazidən təxminən on dörd raket atılmışdır. Raketlərdən üçü birbaşa Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən və ABŞ-nin rəhbərliyindəki koalisiya bazasına düşmüşdür. Digər raketlər hava limanına yaxın yaşayış sahələrini və mülki obyektləri vurmuşdur. Hücumda bir mülki podratçı həlak olmuş, bir amerikalı hərbi qulluqçu da daxil olmaqla səkkiz nəfər yaralanmışdır.
Ərbilə raket hücumu | |
---|---|
| |
Ümumi məlumatlar | |
Yeri | Ərbil, Kürdüstan Regionu, İraq |
Hücumun hədəfi | Birgə Əməliyyat Qrupu – Sarsılmaz Qətiyyət əməliyyatı |
Tarix |
|
Hücum metodu | Raket hücumu |
Silah(lar) | Döyüş raketi |
Ölü sayı | 1 |
Yaralı sayı | 8 |
Törədən(lər) | Saraya Avliya Əl-Dam |
Şübhəli(lər) | İran |
Təcavüzkarların kimliyi əvvəlcə məlum deyildi. Buna görə də İraq və Amerika səlahiyyətliləri hücumlara görə məsuliyyət daşıyanları müəyyənləşdirmək üçün istintaq başlatmışdır. Saraya Avliya Əl-Dam adlı bir az tanınan şiə silahlı qruplaşması daha sonra hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdür. Buna baxmayaraq, bir neçə iraqlı və kürd səlahiyyətlisi, o cümlədən Qərb analitikləri hücumun arxasında İranı və İranın dəstəklədiyi milislərin olduğunu iddia etmişdir. ABŞ və İran arasındakı gərginlik İranın Qüds qüvvələrinin yüksək rütbəli komandiri olan Qasım Süleymaninin 2020-ci ilin yanvarında öldürülməsindən bəri yüksək səviyyədə olmuşdur. Lakin İran səlahiyyətliləri hücumlarda iştirak etmələri haqqında olan iddiaları təkzib etmiş və qınamışdır.
Hücum ABŞ-nin İraqdakı hərbi koalisiyasına son bir ildə edilən ən pis və ölümcül hücum olmuş, 2020-ci ilin sonlarından bəri ölkədə Qərb hərbi və ya diplomatik qurğularının hədəf alındığı ilk insidentə çevrilmişdir. Hücum Bayden administrasiyasının 2021-ci ilin yanvarında hakimiyyətə gəlməsindən bəri ABŞ-nin rəhbərlik etdiyi koalisiyaya qarşı ən ciddi hücum idi və eskalasiya qorxusu yaratmışdır. Hücumdan sonra NATO İraqdakı qüvvələrinin sayını 500-dən 4.000 nəfərə qədər artıracağını açıqlamışdır.