İstanbulun mühasirələrinin siyahısı
From Wikipedia, the free encyclopedia
İstanbulun mühasirələrinin siyahısı — bu gün Türkiyə sərhədləri daxilində yerləşən İstanbulun tarix boyu yaşadığı mühasirələrdən bəhs edən siyahı. Mərmərə dənizi ilə Qara dənizə arasındakı boğaza nəzarət nöqtəsində olan, Asiya və Avropanın quru əlaqəsi üzərində yerləşən, həmçinin Böyük İpək yolunun da keçdiyi bu şəhər, strateji mövqeyinə görə dəfələrlə müxtəlif xalqlar tərəfindən ələ keçirilməyə çalışılıb.
Şəhərin qeydə alınmış ilk mühasirəsi e.ə.510-cu ildə Otanisin komandanlığı ilə Əhəmənilər imperiyası tərəfindən həyata keçirilmişdir. Bu uğurlu mühasirədən sonra şəhər farsların hökmranlığına girsə də, gələcəkdə azadlığını bərpa etdi. E.ə.70-ci illərdə Roma imperiyasının sərhədlərinə daxil olmasına baxmayaraq, 193–196-cı illərdə vətəndaş müharibəsi dövründə Lusi Septimi Sever tərəfindən mühasirəyə alınaraq, tutulub cəzalandırılana qədər azad şəhər idi. 324-cü ildə I Konstantin tərəfindən tutulduqdan sonra Nova Roma adı ilə Bizans imperiyasının paytaxtına çevrilmiş, daha sonra Konstantinopol adlandırılmışdır. 1453-cü il mühasirəsi nəticəsində Osmanlı imperiyası tərəfindən tutulana qədər Bizans hakimiyyəti altında qalan şəhər, bu tarixdən sonra heç bir mühasirə görməmişdir.
Tarixi boyu otuz iki dəfə mühasirəyə alınan İstanbul; şəhər-dövləti və Roma dövründə on dəfə mühasirəyə alınmış, bunlardan altısı uğurlu olmuş, üç mühasirə dəf edilmiş, biri tərəflərin razılığı nəticəsində qaldırılmışdır. Bu mühasirələrdən üçü vətəndaş müharibəsi zamanı taxt-taca iddialı olan romalılar tərəfindən həyata keçirilib. Bizans imperiyası dövründəki iyirmi iki mühasirədən beşi uğurlu olsa da, on ikisi nəticəsiz qalıb, beşi isə razılaşma nəticəsində ləğv edilib. Bu mühasirələrdən dördü daxili müharibələr zamanı baş vermiş, 1204-cü ildə baş verən Səlib mühasirəsi şəhərin süqutuna və Latın imperiyasının qurulmasına və Bizans imperiyası sülaləsinin Nikeyada Nikeya imperiyasını qurmasına səbəb olmuşdur. 1261-ci ildə yenidən Bizans hakimiyyətinə keçən İstanbul 1453-cü ildəki son mühasirə ilə Osmanlıların əlinə keçdi və nəticədə Bizans imperiyası dağıldı. Şəhər Antanta qoşunları tərəfindən 1918–1923-cü illər aralığındakı son mühasirədən bəri türklərin nəzarəti altındadır.