İlon Mask
CAR-da doğulmuş ABŞ sahibkarı / From Wikipedia, the free encyclopedia
İlon Riv Mask (ing. Elon Reeve Musk; 28 iyun 1971[1][2][…], Pretoriya, CAR) — biznesmen və investor. O, SpaceX-in qurucusu, prezidenti, baş icraçı direktoru (CEO) və baş texnologiya direktoru (CTO), Tesla şirkətinin mələk investoru, CEO-su, məhsul memarı və eks-prezidenti, X Corp. şirkətinin sahibi, idarə heyətinin sədri və CTO-su, The Boring Company və xAI-nin təsisçisi, Neuralink və OpenAI-nin həmtəsisçisi və Mask fondunun prezidentidir. Dünyanın ən varlı insanlarından biridir. "Forbes" jurnalının 2024-cü il aprel ayına olan məlumatına görə, xalis sərvətinin 196 milyard ABŞ dolları olduğu təxmin edilir.[8]
İlon Mask | |
---|---|
ing. Elon Musk | |
Doğum tarixi | 28 iyun 1971(1971-06-28)[1][2][…] (52 yaş) |
Doğum yeri | |
Həyat yoldaşları |
|
Uşaqları | |
Partnyorları | |
Atası | Errol Mask[d] |
Anası | Mey Mask |
Təhsili |
|
Fəaliyyəti | proqramçı, mühəndis, təşəbbüskar, investor, iş adamı |
Fəaliyyət illəri | 1995-ci ildən |
Mükafatları | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Cənubi Afrika Respublikasının zəngin Mask ailəsindən olan İlon Mask paytaxt Pretoriyada doğulmuş və Pretoriya Universitetində oxumuşdur. 18 yaşında Kanadaya mühacirət edərək Kanada əsilli anasının vasitəsilə vətəndaşlıq almışdır. İki il sonra o, Kanadanın Kinqston şəhərində yerləşən Kuins Universitetinə qəbul oldu. Mask daha sonra Pensilvaniya Universitetinə keçərək iqtisadiyyat və fizika üzrə bakalavr dərəcəsi aldı. O, Stenford Universitetində oxumaq üçün 1995-ci ildə Kaliforniyaya köçdü, lakin iki gündən sonra təhsilini yarımçıq qoydu və qardaşı Kimbal ilə onlayn şəhər bələdçisi proqram təminatı şirkəti olan Zip2-ni qurdu. Startap 1999-cu ildə Compaq tərəfindən 307 milyon dollara alındı. Elə həmin il Mask birbaşa bank olan X.com-un həmtəsisçisi oldu. X.com 2000-ci ildə Confinity ilə birləşərək PayPal-ı yaratdı. eBay 2002-ci ilin oktyabrında PayPal-ı 1,5 milyard dollara aldı. PayPal-ın satışından əldə etdiyi pulun 100 milyon dollarını istifadə edən Mask 2002-ci ildə kosmik uçuş xidmətləri göstərən SpaceX şirkətini qurdu.
Mask 2004-cü ildə elektrikli avtomobil istehsalçısı olan Tesla Motors (daha sonra Tesla) şirkətinin ilk investorlarından biri oldu. O, şirkətin idarə heyəti sədri və məhsul memarı oldu, həmçinin 2008-ci ildə baş icraçı direktor vəzifəsini öz üzərinə götürdü. Mask 2006-cı ildə 2016-cı ildə Tesla tərəfindən satın alınan və Tesla Energy-yə çevrilən SolarCity adlı günəş enerjisi şirkətinin yaradılmasına kömək etdi. 2013-cü ildə hyperloop yüksək sürətli vakuum qatarı daşıma sistemini təklif etdi. 2015-ci ildə qeyri-kommersiya məqsədli süni intellekt tədqiqat şirkəti olan OpenAI-nin həmtəsisçisi oldu. Növbəti il Mask beyin-kompüter interfeyslərini inkişaf etdirən neyrotexnologiya şirkəti olan Neuralink-i və tunel tikintisi ilə məşğul olan Boring Company-ni təsis etdi. 2018-ci ildə ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) Maskın Tesla-nın şəxsi ələ keçirilməsi üçün maliyyə vəsaiti aldığını yanlış formada elan etdiyini iddia edərək onu məhkəməyə verdi. Mask məhkəmə işini həll etmək üçün Tesla-nın idarə heyəti sədri vəzifəsindən istefa verdi və 20 milyon dollar cərimə ödədi. 2022-ci ildə Twitter-i 44 milyard dollara satın aldı. Daha sonra şirkəti yeni yaradılmış X Corp.-a birləşdirdi və növbəti il xidməti X olaraq yenidən brendləşdirdi. Mask 2023-cü ilin mart ayında süni intellekt şirkəti olan xAI-ni qurdu.
Mask onu qütbləşən fiqura çevirən fikirlər söyləmişdir.[9] O, COVID-19 dezinformasiyası və antisemitik konspirasiya nəzəriyyələri də daxil olmaqla qeyri-elmi və yanıltıcı bəyanatlar verdiyi üçün tənqid edilmişdir. Onun Twitter-in sahibi olması da eyni dərəcədə mübahisəli olmuş, çoxlu sayda işçinin işdən çıxarılması, nifrət nitqinin artması, vebsaytda yanlış məlumat və dezinformasiyanın artması, eləcə də "Twitter Blue" verifikasiyasında edilən dəyişikliklərlə yadda qalmışdır.[9][10][11][12]