Öd kisəsi
From Wikipedia, the free encyclopedia
Öd kisəsi, ödlük (lat. vesica fella; yun. cholecystis) — insanda ödün toplandığı armudşəkilli kisə. Qaraciyərin sağ payının visseral səthində lat. fossa vesicae felleae üzərində yerləşmişdir; uzunluğu 8–12 sm, eni 3–5 sm və həcmi 40–60 sm³- dir. Öd kisəsi üç hissədən ibarətdir:
- dibi — lat. fundus vesicae falleae önə və aşağı baxır;
- cismi — lat. corpus vesicae felleae;
- boynu — lat. collum vesiceae felleae. Ödlüyün yuxarı səthi birləşdirici toxuma vasitəsilə qaraciyərin ödlük çuxuruna bitişmişdir: bəzən seroz qişa ödlüyü hər tərəfdən əhatə edərək, onun üçün çöz əmələ gətirir. Boynu yavaş- yavaş nazikləşərək ödlük axacağına — lat. ductus cysticus keçir; bunun selikli qişasında spiral büküş — lat. plica spiralis (valvula spiralis Heisteri - BNA) adlanan büküş vardır. Ödlüyün və böyük öd axacaqlarının divarları seroz qişadan, serozaltı qatdan, saya əzələ liflərindən təşkil olunmuş əzələ qişasından və selikli qişadan əmələ gəlmişdir. selikli qişa silindirəbənzər epitel ilə örtülüdür və burada selik vəziləri — lat. glandulae mucosae biliosae və büküşlər — lat. plicae tunicae mucosae vardır.